Suraxanı rayon Mərkəzi kitabxanası

Suraxanı rayon MKS
Elanlar
23 Fevral , 2023
"Bilirəm ki, canım əldən gedir, amma Vətən də əldən gedir"', - Vətənini canından çox sevən, müalicəsini yarımçıq qoyub cəbhəyə qayıdan Milli Qəhrəmanımız Yusif Mirzəyevin 34 yaşında şəhadətə ucaldığı gündür. 14 nəfərlik dəstəsi ilə Ağdərəni işğaldan qorumuşdu. Mənə görə Azərbaycanın vətənpərvərlik və qəhrəmanlıq simvollarından biridir.
Ruhu şad olsun!
MİRZƏYEV YUSİF VƏLİ OĞLU Mirzəyev Yusif Vəli oğlu 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açmışdır. 1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmişdir. 1976-cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Bakı Dövlət İqtisad Universiteti) ali təhsil alıb. 1987-ci ildə həmin institutun mühasibat uçotu fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir. 1988-ci ildə Xalq Hərakatına qoşulur. 1990-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. Lakin bu işgəncələr Y.Mirzəyevi sındırmır, əksinə, daha da mətinləşdirir. O, 1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollanır. Y. Mirzəyevin ilk döyüşü Ağdərə - Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. O, briqada komandirinin təchizat üzrə müavini təyin edilir. Y.Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür. Ancaq böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə almağa razı sala bilirlər. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və yenidən cəbhəyə yollanır. Ağdərədə 17 kəndin alınmasında onun müstəsna xidmətləri olmuşdur. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən döyüşçüləri mühasirədən çıxarır. O, 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuşdur. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. Bir qızı var. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Şəmistan Əlizamanlı “İgid əsgər, möhkəm dayan” mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Y.Mirzəyevə həsr etmişdir. Eyni zamanda Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb 1993-cü ildən etibarən qəhrəmanın adını daşıyır, məktəbin qarşısında büstü qoyulmuşdur.